İceberg yaziları

Ədəbi tənqid


 

 

◊ "Min möhtəşəm günəş"

17.08.2015 23:50

15 yaşımda qoca bir kişiyə ərə verildim, sırf atam məndən utanır deyə, məni cəmiyyət içinə çıxarıb “bu mənim qızımdır!” - deməyə cəsarəti olmadığı üçün, etdiyi əməlin, tutduğu günahın arxasında durmadığı üçün, özü çəkməli olduğu əzabı mənə yaşatdığı üçün... Analıqlarım məndən canını qurtarmaq üçün onların hüzuru pozulmasın, rahatlıqları əskilməsin, əvvəlki harın həyatlarını yaşasınlar deyə mən tanımadığım insana, tanımadığım şəhərə sürgün olundum...  Döyüldüm, təhqir olundum, harami doğuldum, harami doğdum övladımı özüm öz əlimlə torpağa basdırdım, yetimxanaya verdim... Mən iki gün ərzində 30 ildən yuxarı iki ömür, iki tale yaşadım... Məryəm harami (qeyri-qanuni) doğulub. Atası evin qulluqçusuna saldığı tamahın cüzi hissəsi qədər mərhəmət etmədi sonra o qulluqçuya, qızının anasına. Məryəm özünü atasının övladlarından biri kimi olduğuna inanmağa başladığı vaxt, buna cəhd etməyə cəsarət etdiyi vaxt atası onu yuxudan ayıltdı. Romanı oxuyarkən bir daha əmin olursan ki, övlada verilən zənginliyin pulla, imkanla əlaqəsi yoxdur. Cəlil zəngin ailə sahibidir. Amma Məryəmi sahibsiz, gərəksiz bir əşya kimi atır. Tarık şikəst, kasıb atadır amma övladını yad əldən sevgi ilə qoparıb qayğı ilə sarmalayır.  Roman sadəcə iki qadının həyat yolu deyil, əslində bütöv Əfqanıstan, bütün müsəlman qadınlarının əzablı taleyi, içlərində basdırılmış mübarizə gücü, böyük ürəkləri, yaşamayıb da dadını bildikləri sevinci, xirtdəklərinə qədər batdığı lakin boğulmadıqları kədərdən bəhs edir. Bir-birinə yad olan iki qadınin daha sonra bir-birini tamamlayan ruh və bədən kimi olmasından bəhs edir. Bu ölkədə qadın olmağın əzabından, uşaq olmağın çarəsizliyindən bəhs edir. Bir də ibrətamiz dərslərlə insan övladına yenidən xatırladır: sən saydığını say... Cəlil hərami doğulmuş lakin onu çox sevən qızını qəbul etmir, qanuni bilib qanadının altına saldığı övladlarından isə ona heç bir xeyir gəlmir, Cəlilə bu dərsi qara torpaq verir... Məryəmlə Leylanın, yolu kəsişən iki qadının, iki həyatın taleyini, eynı zamanda da Əfqanıstanın sovet işğalından sonra günümüzə qədər gələn yaşayışından danışan bir roman, arxasınca sürükləyən bir hekayə, sadə və axıcı bir dil, acı amma gerçək həyatlar, qadın olmağın, doğulmağın gətirdiyi şanssızlıq, bəzən mübarizə, bəzən də təslim olmaq, boyun əymək...  Bütün bunları yazıb oxucusuna yaşadarkən Xalid Hüseyni çox peşəkardır, əsl sənətkardır, romançıdır. Onun oxucusu, əri sırf uşaq doğa bilmir deyə hər şeyi bəhanə edib Məryəmin ağzını daşla dolduranda öz ağzında qan hiss edir. Rəşid öz heyvan pəncələri ilə Leylanı boğanda öz nəfəsinin kəsildiyin sanır, məhz Rəşidin qarşısıalınmaz təkidləri nəticəsində bircə qızı, sevdiyinin yadigarı balasını yetimxanaya verərkən ürəkparçalayan çarəsiz kədərini duyur. Leyla oğlunu dünyaya gətirdiyi zaman qeysəriyyə əməliyyatına məcbur qalanda və xəstəxanada narkoz olmadığı üçün narkozsuz əməliyyat olunan qadınla birlikdə oxucu da o işgəncəli ağrını yaşayır sanki.  Xalid Hüseyni məhz belə romançıdır... Dünya ədəbiyyatına “Çərpələng uçuran” romanı ilə damğasını vuran yazıçıdan hər kəs ən azından ilk romanı kimi uğurlu bir əsər gözləyirdi.
“Min möhtəşəm günəş” məhz belə romandır. Elə bir romandır ki, Rəşid Leylayla körpə qızını günlərlə ac-susuz bir otağa kilidləyəndə romanı yarıda qoymaq istəmirsən, körpə Azadənin “su, su” deyə pıçıldadığı vaxt, ananın aclıqdan, susuzluqdan gözünün qabağında ölmək üzrə olan qızına gözünün sönən son nuru ilə necə fəryad etdiyini oxuyanda ürəyin sıxılsa da, nəfəsin tutulsa da, boğazın qurusa da kitabdan ayrılmırsan, ayrılsan Azadə daha gec su içər kimi gəlir sənə, ayrılıb su içmək istəmirsən, o suyu kitabın vərəqlərinə səpmək istəyirsən. Bəlkə Azadə ilə Leyla bir qurtum içər deyə, bir az rahatlayar deyə... Bir an öncə oxuyum bitsin bu işgəncə deyə fikirləşirsən... Məhz belə romandır “Min möhtəşəm günəş” Romandakı bəzi cümlələr az qala atalar sözü səviyyəsində dillər əzbərinə çevrilib: - Kompasın şimalı göstərən ucu kimi bir kişinin günahkar arayan barmağı daim bir qadına tuşlanır. -  Hər bir qar dənəsi dünyanın hansısa yerində haqsızlığa məruz qalmış bir qadının ağzından tökülən ahdır. Bütün bu fəryadlar göyə ucalır, bulud kimi toplanır, sonra xırda parçalara bölünüb səssizcə aşağı, insanların üstünə yağır.  - Coğrafiya dərsindən də öyrəndiyim kimi yerin altında baş verən güclü titrəyişlər yerin üstündə zəif zəlzələlər kimi hiss olunur, eynən içimizdə hiss etdiyimiz dərin əzablar kimi.  Romanın adı da çox maraq doğurandır; “Min möhtəşəm günəş”... Bu ad şərqin böyük şairlərindən biri Saib Təbrizinin eyni adlı beytindən götürülüb:                               "Bu kəndin nə damlarını işıqladan aylarını saya bilərsən,                               Nə də divarlarının arxasında gizlənən min möhtəşəm günəşi...” Romanda səmimiyyətinə inanmadığım, dodağımı istehza ilə qaçıran sətirlər də oldu təbii ki. O da Amerikanın bu hekayənin içində bir xilaskar kimi təqdim olunması oldu. Xüsusən son hissələrdə bir Amerika bayrağının dalğalandığını açıq-aydın görmək olur. Amma Xalid Hüseyninin Amerikaya sığınıb, amerikan çörəyi yediyini nəzərə alsaq bu başa düşüləndir.


Baxış: 199


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15049)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14529)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13834)
PLATONYA
platonyaadasi.kitabxana.net (8116)
Nəriman
sungurlar.kitabxana.net (4359)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə